MSK bələdiyyə seçkilərinin nəticələrini təsdiqlədi

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) 2014-cü il dekabrın 23-də 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilmiş seçkilərin yekunları ilə bağlı qərar qəbul edib. APA TV-nin xəbərinə görə, qərarda bələdiyyə seçkilərinin Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun keçirildiyi qeyd edilib. Qərar layihəsində 8 bələdiyyədə seçkinin nəticələrinin ləğv edilməsi, 43 seçki məntəqəsi üzrə seçkinin nəticələrinin etibarsız sayılması əksini tapıb. Sənəddə yol verdiyi nöqsanlara görə 54 saylı Şabran-Siyəzən, 70 saylı Masallı şəhər və 75 saylı Lənkəran-Masallı seçki dairələrinin dairə seçki komissiyalarının buraxılması da əksini tapıb. Eyni zamanda 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə 15 saylı məntəqə seçki komissiyası, 15 saylı Yasamal Birinci Seçki Dairəsi üzrə 12 saylı məntəqə seçki komissiyası, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsi üzrə 37 saylı məntəqə seçki komissiyası, 71 saylı Masallı Seçki Dairəsi üzrə 4 saylı məntəqə seçki komissiyası və 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi üzrə 42 saylı məntəqə seçki komissiyası buraxılıb.

 

MSK katibi Mikayıl Rəhimov bələdiyyə seçkilərinin nəticələrinin etibarlı sayılmasını, MSK üzvü Akif Qurbanov seçkinin nəticələrinin ləğv edilməsini təklif edib.

Bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərarı 2 nəfər əleyhinə, 15 nəfər lehinə olmaqla qəbul edilib. Daha sonra MSK üzvləri bələdiyyə seçkilərinin yekunları ilə bağlı protokolu təsdiqləyib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı