Azərbaycanda benzinin və dizelin qiyməti qalxdı
Tarif Şurasının yanacağın qiyməti ilə bağlı qəbul etdiyi qərarın bu gecə icrasına başlanılıb. APA TV-nin məlumatına görə, şuranın verdiyi qərara əsasən yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib. Premium markalı benzinin qiyməti isə 95 qəpik olaraq qalıb.
Qərarın icrasına yanvarın 12-dən 13-ə keçən gecə başlanılıb. Yanacaq Doldurma Mərkəzlərinin (YDM) çoxu kassa aparatları və sistemdə dəyişiklik etmək məqsədi ilə satışı bir neçə saatlığına dayandırıblar. Bu da öz növbəsində sürücülərin narazılığına səbəb olub.
YMD-lərdən APA TV-yə verilən məlumata görə, Tarif Şurasının qərarından xəbərsiz olublar. Daha sonra yanacağın qiymətini qalxması barədə məlumat alıblar və sistemdə dəyişiklik etmək məqsədi ilə satışı müvəqqəti dayandırmaq məcburiyyətində qalıblar.
Satışın dayandırılması YDM-lərin qarşısında az da olsa, sıxlığın yaranmasına səbəb olub. Yeni qiymət sistemə daxil edildikdən sonra satış bərpa olunub.