MN: Mövqelərimiz iriçaplı pulemyotlardan, minaatan və qumbaraatanlardan atəşə tutulub
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 75 dəfə pozub. APA TV-nin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Ermənistanın İcevan rayonunun Paravakar Berkaber, Vazaşen, Azatamut, Noyemberyan rayonunun Dovex, Barekamavan, Şavarşavan, Voskevan, Voskepar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Cəfərli, Kəmərli, Fərəhli, Quşçuayrım, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Şıxlar, Şuraabad, Mərzili, Cəvahirli, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.
Bu arada ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və Saymon Tiller keçirəcəklər.