Sərhəddə 50 kiloqram narkotik tutulub
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2014-cü ilin dekabr ayında sərhədi pozduqlarına görə 28 halda 35 nəfər saxlanılıb. DSX Mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, 20 Azərbaycan, 3 İran, 3 Türkiyə, 3 Qırğızıstan, 2 Özbəkistan vətəndaşı tutulub. Yaşıl sərhəddə 5 halda 9 nəfər, Xəzər dənizində 6 halda 9 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Axtarışda olan 252 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. 16 halda 28 kiloqram 215 qram narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Biləsuvar rayonun Biləsuvar kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində "VAZ 2106" markalı avtomobildə Lənkəran rayon sakinləri, 1970-ci il təvəllüdlü Hüseynov Fuad İsmayıl oğlu və 1978-ci il təvəllüdlü Bağırov İlqar Qurban oğlu saxlanılıb. Avtomobildən 10 kiloqram tiryək, 1 kiloqram heroin aşkarlanıb. Dekabr ayının 14-də İmişli rayonun Bəhramtəpə qəsəbəsi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 1 ədəd sahibsiz kisədə 7 kiloqram 800 qram marixuana götürülüb.
Dekabr ayının 7-də İrandan Azərbaycana gələrkən Astara sərhəd nəzarəti məntəqəsində Lənkəran rayon sakini 1992-ci il təvəllüdlü Qurbanov Emin Tofiq oğlunun bədəninin daxili orqanında gizlətdiyi 111 qram heroin, dekabrın 9-da İrandan Azərbaycana gələrkən "Biləsuvar " sərhəd nəzarəti məntəqəsində Salyan rayon sakinləri, 1983-cü il təvəllüdlü Şahsuvarova Səyyarə Elxan qızının bədəninin daxili orqanında gizlətdiyi 180 qram heroin, 1959-cu il təvəllüdlü Şahsuvarova Fəridə Məmməd qızının bədəninin daxili orqanında gizlətdiyi 259 qram heroin, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Abdullayev Rasim ELşad oğlunun kəmərinin altında gizlətdiyi 236 qram tiryək aşkarlanıb.
Ötən ay 64 halda ümumi dəyəri təqribən 846 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd TOZ-8 markalı tüfəng, 6 ədəd pnevmatik tapança, 20 ədəd pnevmatik patron, 6 ədəd beşbarmaq, 1 ədəd gecəgörmə cihazı, 180 ədəd qabyuyan maşın, 188 ədəd mobil telefon, 36936 ədəd pirotexniki vasitə, 76 ədəd fişəng, 1392 qutu siqaret, müxtəlif növ dərman preparat, spirtli içki, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.