Gümrüdə 6 ermənini öldürən rus hərbçi Türkiyəyə qaçmaq istəyib

Ermənistanın Gümrü şəhərində bir ailəni qətlə yetirən rus hərbçisi ifadə verməyə başlayıb. Vesti.az-ın məlumatına görə, qətliamı törətməkdə şübhəli bilinən əsgər Valeri Permyakov hadisə ilə bağlı yaradılan istintaq qrupunun rəhbəri, Ermənistan daxili işlər nazirinin müavini Unan Poqosyana bildirib ki, o, xidmət zamanı öz postunu tərk edərək gəzmək qərarına gəlib. Permyakov su içmək üçün məlum ünvana gedib, lakin qapını onun üzünə açan olmayıb. Bu zaman Permyakov evə girməyə cəhd edib. Yatmış ev sahiblərindən kimsə oyanıb və hər şey də elə bu an baş verib. Unan Poqosyan aparılan araşdırmaların gedişi barədə məlumat verib: "Permyakov barəsində əlavə cinayət işi də qaldırılacaq. O, xidmət zamanı postunu özbaşına silahla tərk edib və ölkə sərhədini pozub. Rusiya tərəfi cinayət işinin aparılmasını onlara həvalə etməmizi istəyir, lakin hadisə bizim ərazimizdə baş verib. Söhbət ağır cinayətdən gedir. Hazırda hər iki ölkənin prokurorluq əməkdaşları arasında danışıqlar gedir".

 

Araşdırmalar zamanı o da məlum olub ki, Permyakov hərbi bazada bir aydan artıqdır qulluq edir. Xatırladaq ki, yanvarın 12-də Ermənistanın Gümrü şəhərində bir erməni ailəsinin 5 üzvü qətlə yetirilib, bir azyaşlının isə vəziyyəti ağırdır. Onlar odlu silahdan açılan atəş nəticəsində öldürülüblər. O, hadisəni törətdikdən sonra Ermənistan-Türkiyə sərhədini keçməyə cəhd edərkən sərhədçilər tərəfindən yaxalanıb.
 

Müəllif | Apa.Tv
Apa.tv