Kar olmamaq üçün bunlara əməl etmək vacibdir - MÜTƏXƏSSİS RƏYİ

"Soyuq havalarda insan orqanizmində daha çox donmaya həssas olan orqanlardan biri  məhz  qulaqdır. Qulaq seyvanının qorunması da bu baxımdan vacibdir.  Eşitmə orqanı soyuqdan bir də ona görə qorunmalıdır ki, qulaq iltihabı yaranmasın. Çünki bu olduqca şiddətli ağıralara səbəb olur".

 

Bunu APA TV-yə müsahibəsində  Azərbaycan Tibb Universiteti Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının dosenti Cabbar Cəlilov deyib: "Nəinki şiddətli ağrılar olur, eyni zamanda bu gələcəkdə eşitmə qabliyyətinin itirilməsi ilə nəticələnir. Havalar soyuduqca xüsusilə uşaq və yeniyetmələr qulaqlarını qorumalıdırlar. İsti papaqlardan və yun qulacıqlardan istifadə edilməlidir".

 

Lorinqoloq deyir ki, qulaq və xarici qulaq keçəcəyi xüsusi vəzilərdən ibarətdir. Bu vəzilər qulaq kiri deyilən maye ifraz edir. Onun müəyyən bir özülü, qatılığı var. Bu da xarici qulaq keçəcəyinin dərisini bir növ yağlayır. Biz danışan və yaxud gigiyenik qaydalara əməl edən zamanı qulaq kiri deyilən yağ xaric olunur. Son dövrlərdə isə qulaq təmizləyərkən hər iki tərəfi pambıqla əhatələnmiş qulaq çöplərinə üstünlük verilir. Amma bu xüsusi vasitələr olduqca təhlükəlidir: "Qulağı təmizləyən zaman bəzi hallarda həmin çubuqlarla  qulaq kirini içəriyə doğru aparırlar. Xarici qulaq keçəcəyinin dar bir hissəsi var, onun içərisindən həmin çubuqlar vasitəsi ilə içəriyə ötürülən bu kirin çıxarılması çox çətin olar. Bundan əlavə yuyunarkən də əgər qulağa su dolarsa, həmin qulaqda toplanmış kirin həcmi böyüyür. Həmin an insanda eşitmə azlığı meydana çıxır. Bununla bağlı müraciət edildikdə pasientə "qulaq tıxacı" adlı xəstəlik diaqnozu qoyulur. Bu tıxac da məhz həkimlərin səyi nəticəsində təmizlənir".

 

Cabbar Cəlilov deyir ki, estetik ruh üçün də eşitmənin böyük əhəmiyyəti var. İnsanlar eşitmə qabiliyyətilə musiqidən, quşların nəğməsindən, gözəl səslərən zövq alırlar. Deməli, eşitmə orqanı insana xarici aləmi duymaqda və anlamaqda böyük kömək edir.  Amma qulaq həssas bir orqan olduğundan onu kənar amillərdən qorumaq çox önəmlidir. Musiqi dinləyərkən, filmləri xüsusi qulaqcıqlarla izləyərkən çox diqqətli olmaq lazımdır: "Qulaqcıqlardan istifadə edərkən səs tembrininin yüksək olması daxili qulağa mənfi təsir edir. Bu mənfi təsir isə sonda eşitmə zəifliyi ilə nəticələnir. Ona görə də uzun müddət "Mp3" pleyer və digər qulaqcıqlardan istifadənin əleyhinəyəm. Daha yaxşı olar ki, musiqiyə də, filmə də rahat bir ortamda qulaq assınlar. Bu isə insanları daha çox rahatlada bilər".

 

Cabbar Cəlilov gigiyenik qaydalara düzgün əməl edilməsini tösiyyə edir. Bu qaydalara əməl edərkən əllər mütləq təmiz olmalıdır. Lorinqoloqun sözlərinə görə, qulaq biz danışarkən, qidalanarkən hərəkət edir. Hərəkət vasitəsi ilə qulağımızda olan toz, kir öz-özlüyündə xaric oluna bilir. Elə bu səbəbdən də bu duyğu orqanının sağlamlığına diqqətli olmaq məsləhətdir. Çünki eşitmə qabiliyyətini də, görmə qabiliyyəti kimi çox asan itirmək olur.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı