Bakıda "Range Rover" qarət edilib
Bakıda "Range Rover" markalı avtomobil soyulub. APA TV-nin məlumatına görə, hadisə Əmircan qəsəbəsinin Zülal Tağıyev küçəsində baş verib. İki nəfər naməlum şəxs rayon sakini Elxan Səfərova məxsus “Range Rover” markalı avtomobilə girərək maşının saxlanc yerini sındırıb oradakı mobil telefonu, sənədləri və avtomobilin müxtəlif ehtiyat hissələrini oğurlayıblar. Naməlum şəxslərin avtomobilə girdiyini zərərçəkmişin qonşusu görüb və bu barədə Elxan Səfərova məlumat verib.
Ümumilikdə zərərçəkmişə 2 min manat dəyərində ziyan vurulduğu bildirilir. Elxan Səfərovun sözlərinə görə, onun başına ilk dəfədir, bu cür hadisə gəlir. Zərərçəkmiş faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə müraciət edib. Bölmənin təhqiqatçısı Rasim Seyidovun sözlərinə görə, cinayəti törətməkdə şübhəli bilinən şəxslərin əl-barmaq və avtomobilin salonundakı qan izlərinin nümunələrini götürüb. Hazırda cinayəti törədən şəxslərin axtarışları davam edir.