SOCAR-dan benzinin qiyməti ilə bağlı yeni AÇIQLAMA
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR() “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiyməti ilə bağlı məlumat yayıb. APA TV-nin şirkətin saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, son dövrdə dünya bazarlarında xam neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar SOCAR tərəfindən “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiymətinə yenidən baxılıb və yanvarın 13-dən həmin yanacaq növlərinin 1 litrinin pərakəndə satış qiyməti müvafiq olaraq, “Super” üçün 1 manat 7 qəpikdən 1 manat 5 qəpiyə, “Premium” üçün 95 qəpikdən 93 qəpiyə endirilib.
Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yanacağın hər litrinin qiymətinə 2 qəpik yol vergisi əlavə edilib. Beləliklə, “Super” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti 1 manat 7 qəpik, “Premium” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti isə 95 qəpik olaraq müəyyən edilib.
Xatırladaq ki, yanvarın 12-də Tarif Şurası “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğun olaraq, neft məhsullarının tariflərinə baxıb və müvafiq tarif tənzimlənməsi aparıb. Şuranın qərarına əsasən, yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.