ABŞ-ın Hyuston Universitetinin rektoru Bakı Ali Neft Məktəbində olub
ABŞ-ın Hyuston Universitetinin rektorunun başçılıq etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub. APA TV-nin xəbərinə görə, Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Azərbaycana gələn Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur və rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Bakı Ali Neft Məktəbində bir sıra işgüzar görüşlər keçirib. Qonaqları Azərbaycanda və Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən Elmar Qasımov Azərbaycanla ABŞ arasında əlaqələrin böyük tarixə malik olduğunu xatırladıb. O, Bakı və Hyustonun 1976-cı ildən qardaşlaşmış şəhərlər olduğunu diqqətə çatdırıb. Rektor BANM-in yaranma tarixi, fəaliyyəti, məqsədləri və qısa zamanda əldə etdiyi uğurları haqqında məlumat verib.
Xanım Renu Xatur dəvətə görə Elmar Qasımova təşəkkür edib.
Görüş çərçivəsində BANM və Hyuston Universiteti arasında qarşılıqlı gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Renu Xatura Bakı Ali Neft Məktəbinin “Fəxri Qonaq” diplomu təqdim edilib.
Daha sonra iki ali məktəb arasında birgə magistr hazırlığı ilə bağlı Razılaşma Protokolu imzalanıb.