Nazir müavini: “Nüvə Tədqiqat Mərkəzinin yaradılması çox uzun prosesdir”

“Milli Nüvə Tədqiqat Mərkəzinin yaradılması böyük zaman tələb edir. Tikintiyə və istismar prosesinə qədər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 19 maddədən ibarət tələbləri həyata keçirilməlidir”.

 

APA TV-nin xəbərinə görə, bunu fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə Aİ  tərəfindən maliyyələşən radiasiya təhlükəsizliyi üzrə “Tvinning” layihəsinin yekunu ilə bağlı tədbirdə Xırdalanda yaradılması nəzərdə tutulan Milli Nüvə Tədqiqat Mərkəzi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O qeyd edib ki, bu məsələ çox ciddi və böyük əmək, eyni zamanda sənədlər toplusu tələb edir. 

O bildirib ki, Nazirlər Kabinetində 14 nazirlik və idarənin nümayəndələrindən ibarət böyük işçi qrupunun yaradılması ilə bağlı təklif irəli sürüləcək.

 

Avropa İttifaqının nümayəndəsi Yurgen Uilyams  bu sahədə Azərbaycanda dövlət agentliyinin yaranmasını təqdirəlayiq hesab edib. O bildirib ki, indiyədək Azərbaycanda 30 layihə reallaşdırılıb və daha 10-nun da həyata keçirilməsi gözlənilir. 

Azərbaycan Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəhbəri Vüqar Hüseynov deyib ki, Azərbaycan prezidentinin sərəncamı ilə 2014-cü ilin mayında Rabitə və Yüksək texnologiyaları Nazirliyinin nəzdində Nüvə Araşdırmaları Milli Mərkəzi yaradılıb.

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi və Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, Litva Radiasiya Təhlükəsizliyi Mərkəzi, Litva Layihələrin İdarəolunması Mərkəzi Agentliyi ilə birlikdə “Azərbaycan Respublikasında Radiasiya Təhlükəsizliyi İnfrastrukturunun Gücləndirilməsi və Dəstəkləyici Xidmətlərinin İnkişafı” adlı layihən həyata keçirib. 25 ay davam edən layihənin məqsədi Azərbaycanda ionlaşdırıcı şüalanmanın təsirinə olan nəzarətin artırılması və bütün növ radiasiya mənbələri üzərində enerji siyasətinin daha da yaxınlaşdırılmasıdır.

 

 

Müəllif | Apa.Tv