Saxlanılan şəxs: "Halal pul qazanan adamla işim yoxdur"

Yanvarın 4-də Göygöl rayonunda baş verən soyğunçuluq hadisəsinin üstü açılıb. APA TV-nin yerli bürosuna verilən məlumata görə, 10 gün əvvəl Göygöl rayonun Üçbulaq kəndi ərazisində yerləşən fermer təsərrüfatına basqın edərək ev sakinlərinə xəsarət yetirən və 53 min manat dəyərində pul və qızıl-zinət əşyası aparan şəxslərin kimliyi müəyyən edilib. Baş Cinayət-Axtarış İdarəsi, Göygöl və Şabran rayon Polis Şöbələri əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində hadisəni törədən 4 nəfər saxlanılıb. Göygöl RPŞ-nin rəis müavini Eldar Bağırov bildirib ki, hadisəni İsa Alışanovla qonşuluqda yaşayan Laçın rayonundan məcburi köçkün Elmidar Mirişov olub: "Onun Bakı şəhərində yaşadığı yer müəyyən edildi, əməkdaşlarımız Bakı şəhərinə ezam olundu. Baş Cinayət-Axtarış İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və bizim əməkdaşlarımızın birgə keçirdiyi əməliyyat nəticəsində Elmidar Mirişov yaxalandı".

 

Polis daha sonra Elmidar Mirişovun quldurluq hadisəsini törətmək üçün əlbir olduğu 3 nəfəri - 26 yaşlı Qorxmaz Mənəfov, 30 yaşlı Şabran sakini Qərib Dostəliyev və onun qohumu 24 yaşlı Əfqan Dostəliyevi şübhəli şəxs qismində istintaqa cəlb edib. Təqsirləndirilənlər cinayət törətmək məqsədilə əvvəlcədən əlbir olub plan qurduqlarını etiraf ediblər. Qorxmaz Mənəfov cinayətdə istifadə üçün lazım olan vasitələri təşkil edib.

 

Elmidar Mirişov isə həm həyətdə qalaraq ev sahibinin itlərini sakitləşdirib, həm də içəri girən şəxsləri təlimatlandırıb. Hadisənin iştirakçısı Qərib Dostəliyev törətdikləri cinayət barədə danışıb: "Elmidar bizə kimin hansı otaqda yatdığını, pulun harada olduğunu başa saldı".

 

Hadisənin digər təfərrüatlarını isə Əfqan Dostəliyev belə danışıb: "Elmidarı tanımırdım. Qorxmaza görə tanıdım. Qorxmaz zəng etdi ki, iş var. Dedim nə işdir, dedi, telefonluq deyil. Elmidarla görüşdük. Dedi yaxşı adam deyil. Faizə pul verir. Haram pul qazanır. Dedim problem yoxdur. Mənim halal pul qazanan adamla işim yoxdur. Birdən-ikiyə də cinayət törətməmişəm. İşləmirdim, ehtiyacım var idi. Görüşüb Sabunçuya getdik. Alışqan tapança aldım 13 manata. Gəncəyə, ordan Göygölə, Elmidarın qardaşıgilə getdik. Orda çörək yedik. Maskaları düzəltdik".

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində əməliyyat istintaq tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli