Mingəçevirdə marketdən 8 kq yağ oğurlanıb - REAL GÖRÜNTÜ

Mingəçevir şəhərində marketdə maraqlı oğurluq hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhərdəki ərzaq mağazalarından birindəbir kişi ilə mağazaya daxil olan 2 qadın oradan çəkisi 8 kiloqram yağ oğurlayıblar. Oğurluq hadisəsi mağazanın müşahidə kamerasına düşüb. Mağazanın sahibi İradə Niftəliyeva APA TV-nin yerli bürosuna bildirib ki, orta yaşlı kişi marketdə olan gənc satıcı oğlanın başını qatıb, qadınlar isə özlərini mağazada guya hansısa malı axtrarırlarmış kimi göstərərək soyuducunu açıblar. Onlar soyuducudakı mallardan bəzilərini çıxarıb üst-üstə yığıblar, əslində isə nə etdikləri görünməsin deyə satıcı oğlanın qabağını kəsiblər. Sonra oğurlayacaqları malı yaxına gətirib, məqam gözləyiblər. Məqamı gələn anda biri yağı çıxarıb, digərinin uzun paltosunun alt hissəsindəki yubkasının içinə elə yerləşdirib ki, heç nə seçilmir. Sonra qadınlar marketi tərk ediblər. Mağazanın sahibi İradə Niftəliyeva hadisə ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edib. Polis əməkdaşları video görüntüyə baxış keçiriblər. Hazırda oğurluq edən şəxslərin tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov