AMEA Rəyasət Heyəti binasında Sovet dövrünə aid elementlər dəyişdiriləcək

“Azərbaycan Milli Elmlər Akademiyasında bu il magistratura pilləsinə 7 ixtisas üzrə qəbul aparılacaq".

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Әlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, magistraturaya qəbulun aparılması ilə əlaqədar q yeni pilot layihə kimi Təhsil Nazirliyi ilə danışılıb. Qəbul aparılacaq ixtisaslar isə dilçilik, antropologiya, nəzəri və riyazi fizika, geologiya, kimyəvi genetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası ixtisaslarıdır. Akademiyanın doktorantura pilləsinə qəbulun kəskin sürətdə azaldıldığını deyən Akif Əlizadə hesab edir ki, əsas məsələ keyfiyyətdir, qəbul bir qədər yüksək səviyyəli olmalıdır.

AMEA prezidenti elmin sosial problemlərinin də diqqət mərkəzində olduğunu deyib: "Artıq AMEA alimlərinin çoxdan arzuladığı akademiya poliklinikasının layihəsi hazırlanır. Hazırlıq yanvar-fevral ayında yekunlaşsa, işləri də tez görmək mümkün olacaq. Burada AMEA-nın əməkdaşlarına müayinələr pulsuz və ya müəyyən güzəştlər əsasında olacaq. Kənar şəxslər üçün isə pullu xidmətin olması planlaşdırılır".

AMEA prezidenti əlavə edib ki, bu il üçün sosial baxımından da mühüm işlər nəzərdə tutulub. Onun sözlərinə görə, AMEA yataqxanasının yerində yaşayış binaları inşa olunur və işlər yekunlaşmaqdadır.

Akif Əlizadə Rəyasət Heyətinin hazırda yerləşdiyi binadan köçürüləcəyi barədə yayılan məlumata da aydınlıq gətirərək bildirib ki, yayılan xəbərlər şaiədir. Əksinə binanın yenidən təmir olunması məsələsi gündəmdədir. Hazırda AMEA Rəyasət Heyəti binasının üzərində olan və Sovet dövrünə aid elementlərin, yazıların dəyişdirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, mədəniyyət və turizm naziri Әbülfəs Qarayevə məktub göndərib. 

Müəllif | Apa.Tv