Nazir müavini: "Vətəndaş məmur münasibətləri minimuma enir"
ƏƏSMN-nin Şabran və Siyəzən rayonları üzrə Tibbi-Sosial Ekspert Komissiyasının yeni inzibati binasının açılışı olub. Açılış mərasimində iştirak edən nazir müavini Natiq Məmmədov nazirliyinin yeni strukturlarında əhaliyə xidmətin səviyyəsini yüksəldilməsi işləri çərçivəsində son yarım ildə 15 bölgə üzrə TSEK-lərin müasir iş şəraiti ilə təmin olunduqlarını bildirib.
Nazir müavini qeyd edib ki, həmin komissiyalar eyni zamanda tibbi-sosial ekspertiza xidməti üçün müasir avadanlıqlarla da təmin edilir. Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemindən danışan nazir müavini bildirib ki, bu sistem əlillik təyinatı prosesində aidiyyəti təşkilatlar arasında müvafiq məlumatların elektron şəkildə mübadiləsinə xidmət edir: "Bu, ilk növbədə vətəndaş məmur münasibətlərini minimuma endirir. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına keçmişik. Vətəndaş get-gələ düşməyəcək. Bu proses iyulun 1-dən tətbiq olunur. Sadəcə olaraq, Səhiyyə Nazirliyindən bəzi məsələlər qalıb".
Nazir tibbi avadanlıqlara, aparılan ayrı-ayrı əlillik müayinəsi işlərinə, əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazasına müvafiq məlumatların daxil edilməsi prosesinə baxış keçirib.