Paytaxt sakinləri prezidentin qərarını necə dəyərləndirir? - SORĞU
Azərbaycanda yanacağın qiymətinin əvvəlki səviyyəyə qaytatılması vətəndaşların sevincinə səbəb olub. APA TV-nin xəbərinə görə, paytaxt sakinləri prezident İlham Əliyevin Tarif Şurasının qərarını ləğv etməsini müdrik addım kimi qiymətləndiriblər.
"Ölkə başçının bu qərarı əhalinin rifahına hesablanıb. Bu o deməkdir ki, Azərbaycan prezidenti əhalinin bütün təbəqələrini düşünüb".
"Bu xəbər sürücülərin də ürəyincədir. Çünki benzinin qiymətinin qalxması daha çox avtomobili olan insanları narahat edir".
"Özümün və ailəmin maşını olmasa da, bu addımı müsbət dəyərləndirirəm. Çünki cəmiyyətin sosial vəziyyəti bilavasitə nəzərə alınıb. Həkimlər, müəllimlər, dövlət büdcəsindən maaş alan insanlar bu addımı yəqin ki daha da alqışlayır".
"Bir gənc kimi bu qərar məni də sevindirdi".
Qeyd edək ki, Azərbaycan Respublikası prezidentinin tapşırığına uyğun olaraq, 14 yanvar 2015-ci il tarixində Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib. İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılıb və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib. Qərara əsasən, Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib.
Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib.