Cəlilabadda güclü yanğın: Mebellər, pullar və qızıllar külə döndü
Cəlilabadda güclü yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə yanvarın 14-də günorta saatlarında rayonun Xəlilli kənd sakini, 69 yaşlı Yavər Hüseyinova məxsus fərdi yaşayış evində qeydə alınıb. Hadisə zamanı evdə heç kim olmadığından bu barədə ilk qonşular xəbər tutublar. Onlar Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsini məlumatlandırıblar. Dərhal 2 yanğınsöndürən maşın və canlı qüvvə yanğının lokallaşdırılması işinə cəlb olunub. Məhz yanğınsöndürənlərin səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.
Yanğın nəticəsində ümümi sahəsi 256 kv.m olan ikimərtəbəli, 6 otaqlı evin ikinci mərtəbəsi 128 kv.m sahədə və birinci mərtəbədə 1 otaq 32 kv.m sahədə içindəki məişət avadanlıqları, o cümlədən ev sahibinə məxsus qızıl-zinət əşyaları, pul, 3 ailənin mebeli ilə birlikdə yanararaq kül olub.
İlkin versiya kimi yanğının elektrik naqillərində yaranmış qısaqapanmadan baş verdiyi bildirilir.
Faktla bağlı araşdıma aparılır.