Bakıya qonaq gələn 3 yaşlı qızın əli ətçəkən maşında qaldı
Bakıya ailəsi ilə qonaq gələn 3 yaşlı qızın əli ətçəkən maşının içində qalıb. APA TV-nin məlumatına görə, hadisə Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən təzə tikilidə qeydə alınıb. Valideynlərindən xəbərsiz elektrikli ətçəkən maşını işə salan 3 yaşlı Məmmədli Ballı İsmayıl qızının sağ əli maşının içində qalıb. Uşağın əlini ətçəkən maşından ayıra bilməyən qohumlar Fövqəladə Hallar Nazirliyin "112" qaynar xəttinə zəng vuraraq, kömək istəyiblər. Dərhal hadisə yerinə gələn xilasedicilər xüsusi alət və avadalıqların köməyi ilə qızın əlini ətkəçəkəndən çıxara biliblər. Ballı Məmmədli daha sonra Elmi - Tədqiqat Travmatologiya İnstitutuna aparılıb. Həkimlər balaca qıza sağ əlin əzilmiş, didilmiş yarası, 2-ci daraq sümüyünün açıq sınığı və barmaq vəzilərinin əzilməsi diaqnozunu qoyublar. O, müalicə üçün reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hazırda yaralının vəziyyəti kafi olaraq qalır.
Qeyd edək ki, hadisə baş verən zaman 3 yaşlı Ballı Məmmədlinin valideynləri evdə olmayıb.