Respublika fənn olimpiadasının qalibləri mükafatlandırılıb

"Bu tədris ilindən başlayaraq, Azərbaycanda orta məktəb şagirdləri üçün respublika fənn olimpiadalarının keçirilməsində bir sıra yeniliklər tətbiq edilib".

APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. Nazir müavini bildirib ki, artıq respublika fənn olimpiadalarının birinci mərhələsi - rayon və şəhər turu bir neçə gün əvvəl yekunlaşıb. Bu mərhələdə 8 fənn üzrə 22 min şagird iştirak edib: "Belə kütləviliyin olması bizi çox sevindirir. Respublika fənn olimpiadalarının final mərhələsinin apreldə keçirilməsi planlaşdırılır. Final mərhələsində hər bir fənn üzrə 60 şagirdin iştirak etməsi nəzərdə tutulur. Hesab edirik ki, bu say bizə yüksək nəticə qazanmağı təmin etməyə imkan yaradacaq".

 

Ceyhun Bayramov bildirib ki, nazirliyin əsas işlərindən biri istedadlı uşaqların daha erkən yaşlarda müəyyən olunması, onlarla uzunmüddətli işin aparılmasıdır.

 

Nazir müavini hesab edir ki, Azərbaycan dilində olimpiadalara hazırlıq sahəsində kifayət qədər tədris resurslarının olmaması bu sahədə olan boşluqlardan biri idi. Bunları nəzərə alaraq, nazirlik 2014-cü ildə riyaziyyat və informatika fənləri üzrə tədris vəsaitləri hazırlayaraq çap edib.

 

Qeyd edək ki, bu gün Təhsil Nazirliyi tərəfindən keçirilən tədbirdə Respublika fənn olimpiadasının qalibləri mükafatlandırılıb.

 

 

Müəllif | Apa.Tv