Azərbaycan prezidenti Atatürkün mavzoleyini ziyarət edib
Türkiyədə dövlət səfərində olan Azərbaycan prezidenti İlham Əliyev bu gün səhər Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib. APA TV-nin Türkiyə müxbirinin xəbərinə görə, prezident İlham Əliyev mavzoleyə əklil qoyaraq xatirə dəftərinə öz ürək sözlərini yazıb.
Daha sonra Türkiyə prezidentinin yeni iqamətgahında Azərbaycan prezidenti İlham Əliyevin təntənəli qarşılanma mərasimi keçirilib. Mərasim tarixdə mövcud olmuş 16 türk dövlətinin simvolu sayılan hərbi geyimli əsgərlərin iştirakı ilə ilk dəfə açıq havada təşkil olunub. Azərbaycan prezidenti İlham Əliyevi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Rəcəb Tayyib Ərdoğan Türkiyə nümayəndə heyətini İlham Əliyevə, İlham Əliyev isə Azərbaycan nümayəndə heyətini Rəcəb Tayyib Ərdoğana təqdim edib.