Azərbaycanda ABŞ-da insan hüquqlarının vəziyyətinə həsr olunmuş dinləmələr keçirilib
"Son aylar ABŞ-da dövlət institutları da daxil olmaqla, bir sıra qurumlar Azərbaycanla bağlı həqiqətləri əks etdirməyən bəyanatlarla çıxış edir, ölkələr arasında strateji əməkdaşlığa uyğun gəlməyən mövqe ortaya qoyur". Bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları” mövzusunda keçirilən dinləmələrdə şuranın sədri, millət vəkili Azay Quliyev deyib.
Politoloq Elman Nəsirov isə ABŞ prezidentinin özünü tamamilə korrupsiya siyasәtinә uyğun apardığını bildirib: “2012-ci ildə səfir vəzifəsinə getmək üçün Barak Obamanın seçki kampaniyasına 550-700 min dollar məbləğində maliyyə yardımı göstərmək lazım gəlib. ABŞ öz siyasi kursunu həyata keçirmək üçün korrupsiya elementlərinə əl atmalı olub. Lobbiçilik bunun üçün əlverişli institut hesab edilir”.
Mİllət vəkili Zahid Oruc deyib ki, ABŞ-da 7 milyona qədər müsəlman var və onlar 11 sentyabr hadisələrinin zərbəsini hələ də üzərilərində yaşamaqdadır. Millət vəkili Musa Qasımlı qeyd edib ki, ikili standart siyasəti ABŞ-ın Ermənistan-Azərbaycan məsələsindəki mövqeyində aydın görünür: "ABŞ BMT Təhlükəsizlik Şurasının qətnaməsini gözləmədən Yuqoslaviya və Liviyanı bombardman edib. Soruşmaq lazımdır ki, terroru himayə edən Ermənistana rəğbətin səbәbi nədir?”
Millət vəkili Qüdrət Həsənquluyev isə ABŞ-ın Azərbaycana münasibətinin konkret səbəbləri olduğunu vurğulayıb: “Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi İstanbula dəvət etdi, dövlət başçısı İstanbula getməyəndən sonra ABŞ-ın siyasəti dəyişdi. Çünki İstanbulda prezident İlham Əliyevdən Türkiyə-Ermənistan sərhədlərinin açılmasına, Qarabağ məsələsində Azərbaycanın milli maraqlarının ayaq altına atılmasına razılıq vermək tələb olunacaqdı. Keçmiş diplomat Riçard Kozlariç də son məqaləsində bunu əslində açıq yazıb. O yazır ki, Azərbaycan ABŞ-la normal əməkdaşlıq qurmaq üçün siyasi məhbusları azad etməli, Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanla ciddi danışıqlar aparmalıdır. Əslində onun əsas fikri cümlənin ikinci hissəsində ifadə olunur”.
Tәdbirdә millәt vәkillәri Fәrәc Quliyev, Mәlahәt Hәsәnova, Xanhüseyn Kazımlı, Rafael Hüseynov vә digәrlәri çıxış ediblәr.