Qədimilik və müasirliyin birləşdiyi yer: Dünyanın gözü Bakıda

"Qədim mədəniyyətin və Dubay tərzində qeyri-adiliyin vəhdəti Bakını turistlər üçün hazırlanan xəritəyə daxil etməyə imkan verir. Paytaxtdakı erkən 20-ci əsrin ilki – ikinci neft bumu Xəzərin sahilində yerləşən şəhərə böyük sərvət və yeni görüntü bəxş edir". 

 

Bunlar Amerika Birləşmiş Ştatların məşhur «The New York Times» qəzetinin hesabatında yazılanlardır. 2015-ci il üzrə dünyanın ən görməli 52 məkanından bəhs edən siyahısına Azərbaycanın paytaxtı Bakı şəhəri də daxil edilib. Adı qədim mənbələrdə möcüzəli şəhər kimi təqdim edilən Bakı haqqında bura səfər edən səyyahlar zaman-zaman təəssüratlarını paylaşıblar. Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Fironu Menesanın dövründə “Ölülər Kitabında” qeyd edilib. Bundan başqa, Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazılar, arxeoloji tapıntılar sübuta yetirir. O zamanlar bu yerlərə böyük sayda əcnəbilərin səyahət etməsi də həmin maraqdan doğurdu.

 

Bakı tarixi və müasir görünüşü ilə turistlərin sevimli şəhərinə çevrilib. Hündürlüyü 190 metr olan, xarici görünüşcə alov dilimlərini xatırladan "Alov qüllələri" də əcnəbilərin diqqətini çəkən binalardandır.

 

Turistlərin marağına səbəb olan tikililərdən biri də Heydər Əliyev Mərkəzidir. Xarici mediada dəfələrlə bu fərqli arxitektura nümunəsinin Azərbaycan paytaxtının mənzərəsini daha da gözəlləşdirdiyi bildirilib. Binanın daxili və xarici görünüşünün bir-birini tamamlaması diqqəti cəlb edən məqamlardandır. Bakının öz möhtəşəm memarlıq abidələri və yeni tikililəri ilə seçildiyini vurğulayan müəlliflər şəhərin dünyanın müxtəlif ölkələrindən gələn turistlərin diqqətini cəlb etdiyini yazırlar.  

 

Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzi müasir Bakının rəmzlərindən biri hesab olunur. Layihənin müəllifi dünyaca məşhur memar Zaha Hadidir. Bu mərkəzin özəlliyi ondan ibarətdir ki, layihədə heç bir düz xətdən istifadə olunmayıb.

 

Müəllifi olduğu 14 kitabın əksəriyyətini Bakıya həsr edən "Bakılı oğlan" Bəhram Bağırzadə APA TV-yə deyir ki, məqsədi Bakını dünyada tanıtmaqdır. Baxmayaraq ki, onun uşaqlığının keçdiyi küçələrdən, binalardan artıq əsər-əlamət yoxdur: "Mənim futbol oynadığım, gəzdiyim parklar, getdiyim musiqi və rəssamlıq məktəbi artıq yoxdur. Yerində başqa binalar tikilib. Bu, normaldır. Şəhər gərək gözəl olsun. Arıq bu nə Arif Bağırovun, nə Bəhram Bağırzadənin şəhəridir. Bu, 11 yaşlı oğlum Cavid Bağırzadənin şəhəridir. Mən şəhərimin vurğunuyam".

 

İyun ayında paytaxt Bakı tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu möhtəşəm idman tədbirinə hazırlıq işləri sürətlə və yüksək səviyyədə aparılır.

 

Müəllif | Apa.Tv