Kamran Əliyev: "Elşad Abdullayevlə birgə qanunsuzluğa yol verənlər məsuliyyətə cəlb edilib"
Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2014-cü ildə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilib. APA TV-nin xəbərinə görə, tədbirdə Baş prokurorun müavini - Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat veriblər.
Kamran Əliyev deyib ki, Baş İdarə ixtisaslaşdırılmış cinayət təqibi orqanı olsa da, yalnız təklikdə bu problemlə sistemli mübarizə apara bilməz.
Bildirilib ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işinin istintaqı davam edir. Kamran Əliyev E. Abdullayevin hazırda axtarışda olduğunu, vaxtilə onunla birgə çalışan və bu qanunsuzluqlara yol verən şəxslərin məsuliyyətə cəlb edildiyini deyib. K. Əliyevin sözlərinə görə, hazırda istintaq davam etdirilir.
İdarə rəisi bildirb ki, istənilən faktla bağlı vətəndaşlardan ərizələr qəbul olunsa da, bu məsələlərdə tərəflərin bir-birinə münasibəti diqqətlə yoxlanılmalıdır: "Belə məsələlərdə çox diqqətli olmalıyıq".
Tədbirdə Azərbaycanda daha çox korrupsiya faktı aşkarlanan qurumların adları açıqlanıb. Ötən il istintaqı tamamlanaraq məhkəməyə göndərilən cinayət işləri bir çox sahəni əhatə edib. Həmin cinayət işlərinin 19-u təhsil sahəsi, 18-i bank sektoru, 3-ü sosial sahə, 7-si yerli icra orqanları, 4-ü bələdiyyələr, 3-ü səhiyyə sahəsi, 2-si daxili işlər və 1-i prokurorluq orqanları ilə bağlı olub.
Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində görülən işləri müsbət dəyərləndiriblər.