20 yanvar faciəsinin 25 illiyinə həsr olunmuş yeni kitab işıq üzü görüb

1990-cı il 20 yanvar faciəsinin 25 illiyinə həsr olunmuş "Qara Yanvar dialoqu" kitabını işıq üzü görüb. Kitabın müəlliflərindən biri Məzahir Süleymanzadə 25 il öncə baş verən hadisələrin xatirəsini APA TV-yə danışıb:

 

"Fövqəladə vəziyyət şəraitində qəzet buraxmaq mümkün deyildi. Televiziyanın enerji bloku partladılmışdı, radio da işləmirdi. Xalqımıza çörəkdən, sudan çox informasiya lazım idi. Bir qrup cəsur jurnalistin iştirakı ilə bu informasiya blokadasını yara bildik. "Səhər" qəzetinin matəm buraxılışını 2 milyon nüsxə ilə buraxdıq. Bu bizim peşə borcumuz idi. Şakir Yaqubovla birgə çalışdıq ki, 25 ildən sonra xatirələrimizi bir də cəmləşdirək, belə bir kitab ərsəyə gətirək".

 

Beynəlxalq Mətbuat Mərkəzində (BMM) müəllifləri jurnalistlər Məzahir Süleymanzadə və Şakir Yaqubov olan kitabın təqdimat mərasimi keçirilib. Kitab Azərbaycan Mətbuat Şurasında fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin tövsiyəsi ilə nəşr olunub. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, kitaba hadisələrin şahidləri, müəlliflərin xatirələri, indiyədək dərc olunmamış materiallar daxil edilib. Kitab 20 yanvar faciəsinin daha dərindən öyrənilməsinə imkan verəcək. Nəşrin məsləhətçiləri Mətbuat Şurasının sədri Əflatun Amaşov və millət vəkili Musa Qasımlı, redaktoru Yusif Kərimovdur.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı