Azərbaycan və Türkiyə prezidentləri 24 apreldə Çanaqqala zəfərinin ildönümünü qeyd edəcək

"2015-ci ildə ilk xarici səfərimi qardaş Türkiyəyə edirəm. Bu, artıq gözəl bir ənənəyə çevrilib ”.

 

APA TV-nın Türkiyə müxbirinin məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib. 

 

Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında müzakirə edilən məsələlər qardaşlıq əlaqələrini daha yüksəklərə çıxaracaq: “Bu gün dünyada Azərbaycan və Türkiyə qədər yaxın əlaqələrə malik olan başqa dövlətlər yoxdur. Bizim əlaqələrimiz tarixə və qardaşlığa söykənir. Türkiyənin Azərbaycanı “G20” toplantısına dəvət etməsi bizim üçün şərəfdir, ilk növbədə ona görə ki, bu dəvət qardaş Türkiyədən gəlib. Azərbaycana göstərilən bu diqqətə görə əziz qardaşıma minnətdaram. Əminəm ki, dostluq-qardaşlıq əlaqələrimiz bundan sonra da uğurla davam etdiriləcək. Bu gün bir çox məsələ müzakirə edildi, qərarlar verildi, nazirlərin öz aralarında görüşləri keçirildi. Əminəm ki, bütün bu məsələlərin həlli bizi daha yaxın edəcək”.

 

Müdafiə sahəsində əməkdaşlığa toxunan dövlət başçısı Azərbaycanın Türkiyədən xeyli silah aldığını söyləyib: “Azərbaycanda birgə hərbi məhsul istehsalı barədə fikir mübadiləsi apardıq. Müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün böyük planlar var. Keçən il Azərbaycanda birgə hərbi təlimlər keçirildi və bir neçə gün davam etdi. Birgə təlimlər bundan sonra da mütəmadi keçiriləcək. Biz Türkiyənin böyük uğurlarına çox sevinirik, Türkiyə artıq güc mərkəzidir. Türkiyə nə qədər güclü olsa, Azərbaycan da o qədər güclü olacaq”

 

Dövlət başçısı bildirib ki, “Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində Türkiyənin mövqeyi dəyişilməz olaraq qalır. Bu məsələdə Türkiyə ədaləti, haqqı, beynəlxalq hüququ və öz qardaşını dəstəkləyir: "Dünyanın ən üst qurumu olan BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistanın işğalçı qüvvələri bu torpaqlardan çıxsın. Ancaq bu qətnamələr icra edilmir. Bu da onu göstərir ki, Ermənistan sülh istəmir. Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu da bu işdə heç bir nəticə hasil edə bilmir. Fəaliyyət var, ancaq nəticə yoxdur”.

 

Prezident İlham Əliyev vurğulayıb ki, keçən il danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunub, ancaq Ermənistan təxribat xarakterli addımlar atıb, xüsusilə noyabr ayında işğal edilmiş torpaqlarda, Ağdam rayonu ərazisində geniş miqyaslı təlimlər keçirib, Azərbaycanın mövqelərinə hücum çəkməsi zamanı Azərbaycan tərəfindən layiqli cavabla qarşılanıb, düşmən yerinə oturdulub: “Ancaq bu, əlbəttə ki, danışıqlar prosesinə müsbət təsir göstərmir. Bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq”.

 

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan isə bildirib ki, bu məsələdə Türkiyə Azərbaycana dəstəyini davam etdirəcək: “Dağlıq Qarabağ probleminin həlli ilə bağlı son məlumatları aldıq. Minsk Qrupunun səmimi olmadığını görürük. Onların dediklərini qəbul etməmiz mümkün deyil».

 

Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında iqtisadi sahədə  də çox gözəl əməkdaşlığın olduğunu bildirərək deyib ki, son illər Türkiyə Azərbaycana, Azərbaycan isə Türkiyəyə milyardlarla dollar sərmayə yatırıb. 2020-ci ilə qədər Türkiyədə Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatacaq.

 

Prezident İlham Əliyev Türkiyə şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və 10 milyard dollar həcmində layihələr icra etdiklərini nəzərə çatdırıb. O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin icrası enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirəcək.

 

Azərbaycan və Türkiyə prezidentləri Çanaqqala zəfərinin 100-cü ildönümünü birlikdə qeyd edəcəklərini də açıqlayıblar. Tədbirin aprelin 24-də keçiriləcəyini nəzərə çatdıran Azərbaycan dövlət başçısı bu tarixin seçilməsinə görə Türkiyə prezidentinə təşəkkür edib və bu addımı çox müdrik addım adlandırıb.

 

Müəllif | Apa.Tv
Apa.tv