Ermənistanda aksiyaya silahlı müdaxilə: 14 xəsarət alan, çoxlu sayda həbs olunan var
Ötən axşam Ermənistanın Gümrü şəhərində gərgin anlar yaşanıb, prokurorluq binasının qarşısında polis qüvvələri və mitinqçilər arasında qanlı toqquşmalar baş verib.
APA TV-nin xəbərinə görə, prokurorluq binasının qarşısındakı toqquşmalardan sonra aksiya iştirakçıları Rusiyanın Gümrüdəki konsulluğunun bunasına doğru irəliləyiblər. Mitinqçilər Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının altı nəfərin qətlində şübhəli bilinən əsgəri Valeri Permyakovun erməni tərəfə təhvil verilməsini tələb edirlər. Aksiyanın keçirildiyi əraziyə polis qüvvələri cəlb edilib. Aksiya iştirakçıları asayiş keçikçilərini daşqalaq ediblər, polis isə işıq və səs qumbaralarının köməkliyi ilə kütləni dağıtmağa çalışıb. Toqquşmalar zamanı azı 14 nəfər xəsarət alıb. Yaralananlar arasında həm polis əməkdaşları, həm də aksiya iştirakçıları var.
Ermənistanın baş prokuroru Gevorq Kostanyan bir neçə dəfə aksiya iştirakçılarının qarşısına çıxıb. O bildirib ki, Rusiyanın baş prokuroruna şübhəlinin Ermənistana təhvil verilməsi tələbi ilə müraciət edəcək. Lakin bu da kütləvi iğtişaşların qarşısı almağa yardım etməyib.
Gümrüdəki iğtişaşların qarşısını almaqda aciz qalan Ermənistan hakimiyyəti vəziyyətdən çıxış yolunu Rusiya tərəfi ilə razılaşmada görüb. Beləliklə, tərəflər 102 saylı hərbi bazaya iki nəfərin - bir deputat və bir aksiya iştirakçısının buraxılması, onların Valeri Permyakovun Ermənistan ərazisində olduğuna şahidlik etməsi barədə razılığa gəlib.
Bazaya girən deputat Martun Qriqoryan aksiya iştirakçılarına məlumat verib ki, Valeri Permyakovu öz gözləri ilə görüblər, onun Ermənistan ərazisində olduğuna əmindirlər. Onun sözlərinə görə, 6 nəfərin qətlində şübhəli bilinən əsgər təkadamlıq kamerada saxlanılır.
Bundan sonra Gümrüdə müvəqqəti sakitlik yaranıb. Amma etiraz aksiyalarının davam edəcəyi gözlənilir. Çünki, aksiya iştirakçılarının tələbi Valeri Permyakovun Ermənistana təhvil verilməsidir. Rusiya və Ermənistan arasında isə belə bir razılaşma mövcud deyil.
Xatırladaq ki, Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyi Gümrü şəhərində bazar ertəsi bir ailənin 6 üzvü qətlə yetirilib. Ailədən yalnız altı aylıq körpə sağ qalıb və hazırda xəstəxanada ağır vəziyyətdədir. Hadisəni törətməkdə şübhəli bilinən rusiyalı əsgər Valeri Permyakov Türkiyə ilə sərhəddə saxlanılıb. Rusiyanın İrəvandakı qarnizon hərbi məhkəməsi əsgər barəsində həbs-qətimkan tədbiri seçib. Ona qarşı həm Rusiyanın, həm də Ermənistanın prokurorluq orqanları tərəfindən cinayət işi başlanılıb.