Suriyada girov götürülən 2 italyan qadın azad edilib
İtaliya vətəndaşı olan iki qadın Suriyada girovluqdan azad edilib. Bunu İtaliyanın islahatlar naziri Yelena Boski bildirib. APA TV-nin xəbərinə görə, Qreta Ramelli və Vanessa Mardzullo "əl-Qaidə" silahlıları tərəfindən ötən il iyulun 31-də girov götürülmüşdü. Onlar xeyriyyə təşkilatında könüllü kimi çalışıblar. Bu il yanvarın 1-də internetdə video yayılıb. İtaliyalı girovlar həmin videoda İtaliya hökumətinə azadlığa buraxılmalarına yardım üçün müraciət ediblər.
İtaliya mətbuatının məlumatına görə, Roma girov qızların azadlığa buraxılmaları üçün 12 milyon avro ödəyib. Təbii ki, rəsmi mənbələr bu məlumatı təsdiqləmir.
Bundan başqa, KİV xatırladır ki, Qreta Ramelli və Vanessa Mardzullo anti-qərb mövqeyində olublar, internet bloqlarında Amerika əleyhinə şüarlar paylaşıblar və Suriya müxalifətinə dəstək nümayişlərində fəal iştirak ediblər.
Qeyd edək ki, 21 yaşlı Vanessa və 20 yaşlı Qreta Suriyaya könüllü kimi getdikdən cəmi bir neçə gün sonra girov götürülüblər.