Belçikada anti-terror əməliyyatı: ölənlər var

Belçikada böyük antiterror əməliyyatı keçirilib, ölənlər olub. APA TV-nin xəbərinə görə, əməliyyat paytaxt Brüsselin yaxınlığındakı Vervyele şəhərində baş tutub və Belçika prokurorluğu əməliyyatın uğurla başa çatdığını bəyan edib.

 

Əməliyyat zamanı azı üç nəfər öldürülüb, bir neçə adam həbs edilib. Belçika prokurorluğunun məlumatına görə, zərərsizləşdirilən qrup yaxın günlərdə ölkədə terror aktları həyata keçirməyə hazırlıqlı olub. Əməliyyat başlayan kimi şübhəlilər atəş açmağa və müqavimət göstərməyə başlayıblar. Atışma qrup üzvləri zərərsizləşdirilənədək davam edib.

 

Qeyd edək ki, Belçika KİV-i Parisdəki terror aktlarının izinin Brüsselə qədər gedib çıxdığını iddia edirdi. "Şarli Hebdo" həftəliyinin redaksiyasına hücumu həyata keçirən və Parisdə insanları girov götürən Kuaşi və Amedi Kulibali qardaşlarının istifadəsindəki silahların Brüsseldən əldə edildiyi bildirilirdi. Məlumata görə, qardaşlar "Kalaşnikov" avtomatlarını Brüsseldə 5000 avroya alıblar.

 

Belçika prokurorluğu isə bildirib ki, anti-terror əməliyyatı zamanı Suriyadan qayıdanlara qarşı 10-a yaxın reyd keçirilib. Lakin həmin şəxslərin Parisdəki terror aktları ilə əlaqəsinin olub-olmadığı hələlik məlum deyil.

 

Əməliyyatdan sonra Brüssel polisinin binası partlayış hədəsi ilə əlaqədar boşaldılıb. Belçika paytaxtında və bır sıra bölgələrdə milli təhlükəsizliyə təhdid səviyyəsi artırılıb.

 

Müəllif | Apa.Tv