Yanvarın 20-də elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq
20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-də Tədbirlər Planı hazırlanıb. Plana əsasən, Abşeron şəhərətrafı zonada yanvarın 20-də saat 6:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq.
Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov APA TV-yə deyib ki, həmin gün saat 12:00-da qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcək.
Bakı Metropolitenindən mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, Ümumxalq Hüzn Günü hər zaman olduğu kimi "20 Yanvar" stansiyası başda olmaqla bütün stansiyalar qızıl qərənfillərlə bəzədiləcək, gün ərzində yalnız matəm musiqisi səsləndiriləcək. Saat 12.00-də isə Bakı Metropolitenində qatarların hərəkəti bir dəqiqə dayandırılacaq. Metronun "20 Yanvar", "Elmlər Akademiyası" və "İçəri şəhər" stansiyalarında yaranan sıxlıq tənzimlənəcək.
"M-TRANS" MMC-nin növbə rəisi Məhəmməd Abdullayev isə deyib ki, həmin gün Bakı Beynəxalq Avtovağzalında gündüz saatlarınadək sərnişin sıxlığı müşahidə olunmur. Bu il də avtobusların qrafikində heç bir dəyişiklik edilməyəcək.
Qeyd edək ki, paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər Xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi nəzərdə tutulub.