QMİ: Yanvarın 20-də məscidlərdə şəhidlərin ruhuna dua edilsin

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan xalqının 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanat yayıb. APA TV-nin xəbərinə görə, bəyanatda bildirilir ki, 20 Yanvar faciəsi, nə qədər zaman keçməsindən asılı olmayaraq, əsla unudulmayacaq.

 

"Azərbaycan dövlətçilyinin bərpası uğrunda qurban getmiş, Allah-təala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlara ehtiramımız tükənməzdir. Bütün faciəsi ilə yanaşı, 20 Yanvar günü xalqımızın milli müstəqillik, Vətənimizin azadlığı uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrildi. 20 Yanvar bizi müstəqilliyə, iqtisadi tərəqqiyə, milli və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu" - deyə bəyanatda bildirilib.

 

Sənəddə təəssüf hissi ilə qeyd olunub ki, 20 Yanvar faciəsi bu günədək tam beynəlxalq hüquqi, siyasi qiymətini almayıb, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb.

 

QMİ bütün məscidlərə tövsiyə edir ki, 20 Yanvar günü məscidlərdə bu bəyanatın mətni oxunsun, əziz şəhidlərimizin ruhlarına dualar edilsin.

Müəllif | Apa.Tv