Ərdoğan Çanaqqala zəfərinin ildönümü tədbirlərinə Sarkisyanı da dəvət edib
Türkiyə rəhbərliyi Çanaqqala zəfərinin 100-cü ildönümü ilə əlaqədar aprelin 23-24-də keçiriləcək tədbirlərə 102 ölkənin dövlət və ya hökumət başçısını dəvət edib.
APA-nın xəbərinə görə, dəvət olunanların arasında Ermənistan prezidenti Serj Sarkisyan da var. Bunu “Milliyet” qəzetinin yazarı Serpil Çevikcan öz yazısında bildirib. Adının çəkilməsini istəməyən hökumət nümayəndəsi Çanaqqalada döyüşən və şəhid olan əsgərlər arasında bir çox etnik qrupdan olan gənclərin, o cümlədən ermənilərin də olduğunu söyləyib: “Bir növ, birlikdə döyüşmüşük, o səbəblə Sarkisyan da dəvət edildi”.
Birinci Dünya müharibəsinin iştirakçısı olan bütün dövlətlərin rəhbərlərinə dəvət göndərilib. Aprelin 23-də İstanbulda dövlət və hökumət başçılarının iştirakı ilə “Sülh Zirvəsi” keçirilməsi planlaşdırılır. Aprelin 24-də isə bütün qonaqların iştirakı ilə Çanaqqalada anım mərasimi keçiriləcək.