“İçərişəhər”də 20 Yanvar şəhidləri anılıb
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirib. APA TV-nin xəbərinə görə, tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş “Müqəddəs məkan” adlı sənədli film nümayiş olunub. İdarə rəisi Samir Nuriyev 20 yanvar hadisələri barədə ətraflı məlumat verib, bu hadisələrin Azərbaycanın müstəqilliyində oynadığı roldan danışıb. Daha sonra tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri Qənirə Paşayeva və Ziyad Səmədzadə, İçərişəhərin Ağsaqqallar Şurasının üzvləri Urxan Ələkbərov və Səadət Qəndilova çıxış edərək faciənin baş vermə səbəblərini həmin dövrün ictimai-siyasi hadisələri fonunda təhlil edib, bu günü Azərbaycan tarixinin müstəqilliyə gedən yoldakı dönüş nöqtəsi kimi qiymətləndiriblər. Çıxışçılar 20 Yanvarın Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən ağır cinayətlərdən biri, hərbi təcavüz kimi tarixə düşməsini qeyd ediblər. Sonda bəstəkar Sevinc Tofiqqızının 20 yanvar faciəsinə həsr etdiyi “Ümid körpüləri” adlı musiqi kompozisiyasına çəkilən videofilm nümayiş etdirilib.