Sumqayıtda dəhşətli partlayış: İki nəfər yaralandı, 3 maşın dağıntılar altında qaldı

Sumqayıtda yanğınla nəticələnən partlayış baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə Sülh küçəsində yerləşən İlqar Əliyevə məxsus ümumi sahəsi 600 kv.metr olan avto təmir sexi və ona bitişik ehtiyat hissələr dükanında qeydə alınıb. Partlayışla nəticələnən yanğın zamanı ümumi sahəsi 20 kv.m olan mağazanın dam örtüyü, əsas divarları, ona bitişik sexin dam örtüyü və arakəsmə divarları 60 kv.m sahədə dağılıb. Yanğın zamanı mağazanın yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri də yanıb. Partlayış nəticəsində sexdə usta işləyən Emil İmamquliyev və sexə avtomobilini təmirə gətirən Azər Məmmədov dağıntılar altında qalıb. Bundan başqa sexin həyətində təmirə gətirilən “Hyundai Sanata”, “Wolfswagen” və “Mitsubishi” markalı avtomobillər də dağıntılar altında qalıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər üzrə canlı qüvvəsi və yanğınsöndürən maşınları, xilasetmə qüvvələri, təcili yardım briqadaları, eləcədə polis əməkdaşları cəlb olunub. Yanğınsöndürənlər alovu tezliklə nəzarətə götürüb və yanğının digər tikililərə keçməsinin qarşısını alıblar. Xilasedicilər tərəfindən dağıntılar altından çıxarılan yaralılar isə Təcili tibbi yardım maşını ilə Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Yanıq xəsarətləri almış digər yaralı Emin İmamquluyevin vəziyyəti ağır olduğu üçün paytaxt xəstəxanalarından birinə göndərilib.

 

Müəllif | Apa.Tv