Şəkidə ailə üzvləri ilə mübahisə edən 18 yaşlı qız intihar edib - YENİLƏNİB
Şəkidə 18 yaşlı qız intihar edib.
APA TV-nin məlumatına görə, hadisə Şəki şəhəri, Pişnamazzadə küçəsi, ev 18 ünvanında qeydə alınıb. Həmin evdə yaşayan, 18 yaşlı Şəhla Verdiyeva ailə üzvləri ilə mübahisə etdikdən sonra həyətə düşüb və həyətyanı sahədəki yardımçı tikilidə kəmərlə özünü asaraq intihar etmək istəyib. Bir neçə dəqiqə asılı vəziyyətdə qalan Şəhlanı son nəfəsdə valideynləri xilas edərək Şəki Regional Təcilli Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına aparıblar. Orada Şəhlaya ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Şəhla Verdiyevanın həyatını xilas etmək mümkün olmayıb. Şəki regional Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının böyük həkimi Arzu İlyaslı mərhumda kəskin tənəffüs çatışmazlığı əlamətləri olduğunu bildirib: "Yaxınları xəbər tutaraq onu xilas etməyə cəhd göstərib. Reanimasiya tədbirlərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb".
Qeyd edək ki, Şəhla Verdiyeva Şəki Musiqi Kollecinin 3-cü kurs tələbəsi olub. Müəllimləri onun sakit təbiətli biri olduğunu, son vaxtlarda hansısa şübhəli bir hərəkətlərini görmədiklərini deyiblər. Şəhlanın atası isə Şəkidə ustadır.
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.