Nazir Əli Abbasov: "Azərbaycanda poçtlar vasitəsilə kredit veriləcək"

"Azərbaycanın ikinci kommunikasiya peyki 2016-cı ildən öz-özünü maliyyələşdirə biləcək”.

 

APA TV-nin xəbərinə görə, bu barədə yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, əgər 2013-cü ilin 6 ayında verilən kreditlərin 50 faizini özləri əldə etmişdilərsə, artıq bu rəqəm 75 faiz, gələn il isə artıq "Azərspace 2" peyki öz xətlərini gəlir vermək rejiminə keçirəcək. İndiyə qədər infrastruktur layihələrini həyata keçirdiklərini deyən nazirin sözlərinə görə, 2015-ci ildə nazirliyin əsas hədəfi İKT və yüksək texnologiya sahəsində istehsal sahəsini genişlədirməkdir. 
 

“Əsas məqsədimiz ixracat yönümlü sahəni inkişaf etdirməkdir. Bu istiqamətdə son 2 ildə hüquqi bazanın, işgüzarlıq mühitinin, maliyyə resurslarının əldə olunması üçün şərtlərin həyata keçirilməsini təmin etmişik. Artıq yarım ildir ki, böyük şirkətlərlə danışıqlar aparırıq. 2015-ci ildə yadda qalan hadisələr bu isitqamətdə - yəni ixracyönümlü xidmətlərin inkişafı istiqamətində olacaq”.
 

Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində 15 faiz artım olduğunu deyən nazir onu da vurğulayıb ki, bu, dünyada artım tempini 2 dəfədən çox üstələyir. Beynəlxalq Ümumdünya Qlobal Hesabatında Azərbaycan İKT-nin inkişafına görə, 7 pillə irəliləyərək 49-cu yerdədir. İnternetin inkişafına görə, MDB ölkələri arasında liderlik mövqeyini saxlayıb. Nazir bildirib ki, Azərbaycanda poçtlar vasitəsilə kredit veriləcək. Artıq bu istiqamətdə pilot layihə də hazırlanıb. Onun sözlərinə görə, bank siyasəti dövlətin, həmçinin tənzimləyici orqan kimi Mərkəzi Bankın diqqət mərkəzindədir. Ona görə də nazirlik tərəfindən bununla bağlı hüquqi baza möhkəmləndirilib. Bir neçə rayonda bu pilot layihəsinin həyata keçiriləcəyi nəzərdə tutulur. 
 

Müəllif | Apa.Tv