Bakıda yağış, bölgələrdə qar yağacaq
Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun, arabir yağıntılı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal küləyinin arabir güclənəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 1-3, gündüz 4-7 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında yanvarın 18-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, axşam qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.