Mobil operatorların abonentlərə reklam SMS-ləri göndərməsinə son qoyulacaq

Mobil xidmətlərin keyfiyyətində yaranan problemlər bizi narahat edir. APA TV-nin xəbərinə görə, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasında naziri Əli Abbasov bildirib: "Mobil xidmətlər zamanı kəsilmələr, zənglər zamanı keyfiyyətin yüksək dərəcədə olmaması, hələ də rouminq xidmətlərinin həddindən artıq yüksək olması problem olaraq qalır. Bu halların aradan qaldırılması istiqamətdə Bakı şəhəri üzrə testlər keçirmişik. Düşünürük ki, yaxın günlərdə ölkə üzrə bu testləri keçirək və onların nəticəsinə uyğun olaraq qərar qəbul edək". 

Nazir deyib ki, 2016-cı ildə bir sıra mobil operatorların lisenziyasının yenilənməsi məsələsi qarşıda durur. Eyni zamanda bu qurumlar yeni tezliklərin verilməsi istiqamətində də danışıqlar aparır. Hazırda ölkə üzrə ən ucuz qiymətlər bu sahədə yaradılıb ki, bundan istifadə edən mobil rabitə operatorları qiymətlərdə və xidmətdə sərfəli addımlar atsınlar. Lakin hələ də bu sahədə hər hansı müsbət irəliləyiş müşahidə olunmur. 

"Bizim müşahidələrimiz göstərir ki, mobil operatorlar əldə etdikləri vəsaiti mənfəətə işlədirlər. Əgər onlar bu vəsaiti hər hansı bir investisiyaya yönləndirsə, o zaman bu, keyfiyyətin artmasına səbəb olar. Bütün bunların nəticəsi olaraq biz yeni monitorinqlərin başlanması üçün kontrakt bağlayacağıq. Bu monitorinq beynəlxalq standartlar səviyyəsində aparılacaq. Biz hər hansı bir qanun pozuntusu aşkar edəriksə, o zaman həmin mobil operatorlar Azərbaycan qanunvericiliyi əsasında cərimələnəcəklər. Onlara yeni lisenziyaların verilməsi zamanı tənzimləyici orqan kimi biz bunu nəzərə alacağıq". 

Azərbaycanda “Telekommunikasiya haqqında” qanuna yeni dəyişikliklər edildiyini deyən nazir qeyd edib ki, bu qanunun qəbul olunması ölkədə mobil danışıq və internetin qiymətlərinə, eləcə də keyfiyyətinə təsir edəcək. Qanun qəbul edilsə, mobil operatorlar tərəfindən əhaliyə lazım olmayan SMS və reklamların göndərilməsi və abunəçilərin narahatlığına səbəb olması həmin qanuna dəyişikliklərdə əksini tapıb. Nazir stasionar xidmətlərin çəkilisi zamanı əhalidən əlavə vəsaitin istənilməsi faktlarına da aydınlıq gətirərək bildirib ki, ötən il ölkə üzrə bir neçə bu tip hal aşkarlanıb. Əli Abbasov bildirib ki, dövlət tərəfindən qoyulan rüsumlardan əlavə pulların tələb olunması qeyri qanunidir və belə hallar bu ildə aşkarlanarsa faktlara Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən baxılacaq.
 

Müəllif | Apa.Tv