Nazir: “Maaş artımı diaqnostik qiymətləndirilmədən keçən hər bir müəllimə şamil ediləcək”

"Bizim təhsil sistemində minlərlə aşağı dərs yükü ilə çalışan müəllim var". APA TV-nin məlumatına görə, bu fikirləri bu gün keçirilən mətbuat konfransında təhsil naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, müəllimlərin təxminən 60 faizi aşağı dərs yükünə malikdir: 

“Həftə ərzində 1, 3 ,5 saat çalışan müəllimlər var. Müəyyən dərs yükü var, əgər bu dərs yükü tədris edən müəllimlərin sayı çoxdursa, bu o deməkdir ki, hər bir müəllimə orta hesabla düşən dərs yükü aşağıdır. Bu da təbii ki təhsilə müəyyən mənfi təsir göstərib".

Mikayıl Cabbarov bildirib ki, dərs həftələrinin sayını və müəllimlərin dərs yükünü artırmaqla müəllimin əməkhaqqında artıma nail olmaq olar. Nazir sınaq qiymətləndirilməsində iştirak etmiş müəllimlərin orta dərs yükünün 18 saata qaldırıldığını deyib: 

"Bu proses müəllimlərə öz zəif və güclü tərəflərini üzə çıxarmağa kömək edir. Bu sistem təhsil keyfiyyətinin təmin olunması üçün əvəzolunmaz alətdir. Biz yüksək uğur göstərmiş müəllimlərə daha çox dərs yükünün verilməsi siyasətinə başladıq. Yüksək nəticə göstərən müəllimlə zəif nəticə göstərmiş müəllimin əmək haqlarında fərq olmalıdır. Yüksək və zəif nəticə göstərən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi işi məktəb direktorları tərəfindən həyata keçiriləcək".

Nazir bildirib ki, maaş artımı diaqnostik qiymətləndirilmədən keçən hər bir müəllimə şamil ediləcək. Sərəncamın birinci hissəsi isə yanvarın 1-dən qüvvədədir. Ümumilikdə 30 minə yaxın müəllim bu sərəncamdan yararlanacaq. Prezident sərəncamının icrası barədə mexanizm isə Nazirlər Kabineti tərəfindən müəyyən olunacaq. Bölgələrdə çalışan müəllimlərin maaşlarının artırılmasına gəlincə, nazir qeyd edib ki, bu iş sistemli şəkildə həyata keçiriləcək. 

Müəllif | Apa.Tv
Apa.tv