“Qanlı göl”də faciə: oğul öldü, atanın vəziyyəti ağırdır
Bakının Yasamal rayonu ərazisində, "Qanlı göl"də balıqçılıqla məşğul olan ata və bala faciə ilə üzləşib. Balıq tutmaq üçün gölə girən ata və oğulun qayığı çevrilib. Hadisə ən yaxın xilasetmə məntəqəsindən 10 kilometr uzaqlıqda baş verib. Balıqçılara yardım edə bilməyən hadisə şahidləri Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb ediliblər. Xilasedicilər boğulmaq üzrə olan 1958-ci il təvəllüdlü İsrafilov Camal Ələddin oğlunu və onun oğlu, 1985-ci il təvəllüdlü Elşən İsrafilovu sudan çıxarıblar. Hadisənin baş verdiyi əraziyə cəlb olunan təcili tibbi yardım briqadaları ata və oğula ilkin tibbi yardım göstərib. Lakin 30 yaşlı Elşən İsrafilov xəstəxanaya aparılarkən yolda ölüb. 57 yaşlı Camal İsrafilovu isə Kliniki Tibbi Mərkəzə çatdırmaq mümkün olub. Həkimlər oğlunu itirən atanın həyatını xilas ediblər. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Yasamal Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.