Yevlaxda qəzaya uğrayan maşın yanıb, qadın ölüb, oğlu və əri isə ağır yaralanıb
Yevlax rayonu ərazisində iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Aran-Mingəçevir avtomobil yolunun 11-ci kilometrliyində qeydə alınıb. Aran qəsəbəsi istiqamətində hərəkətdə olan Yevlax rayon sakini, 36 yaşlı Firuz Cəfərovun idarə etdiyi “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn və Goranboy rayin sakini, 27 yaşlı Həsənov Allahverdi Qədim oğlunun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub. Toqquşma zamanı “VAZ-2107” markalı maşın alovlanıb. Ağır yanıq xəsarətləri alan və avtomobildə sıxışıb qalan sərnişin, sürücünün 54 yaşlı anası Həsənova Naibə Musa qızı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada ölüb.
Hadisə yerinə FHN-nin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin xilasediciləri gələrək xüsusi alət və avadanlıqların köməkliyi ilə avtomobildə sıxışıb qalan yaralıları çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hadisə zamanı ağır bədən xəsarətləri alan “VAZ-2107” markalı avtomobilin sürücüsü və onun atası, 53 yaşlı Həsənov Qədim Allahverdi oğlu da Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.