Kafedə qanlı dava: Bakıda müştəri taksi sürücüsünü kafedə bıçaqladı

Bakıda kafedə bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, insident paytaxtın Xətai rayonunda, Nobel prospektində yerləşən "Lion" kafesində qeydə alınıb. Kafedə müştərilərdən biri ilə obyektin müştərilərinə xidmət göstərən taksi sürücüsü arasında mübahisə yaranıb. Mübahisə sonradan davaya çevrilib və taksi sürücüsü, Naxçıvan sakini, 32 yaşlı Qasımov Daşqın İlham oğlu bıçaqlanıb. Yaralı "Azərsutikinti" Xəstəxanasına çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər. Hadisəni törədən naməlum müştəri isə hadisə yerindən qaçıb.

 

Çəkiliş qrupumuz təfərrüatı öyrənmək üçün hadisə yerinə gedib. Əvvəlcə kafenin içərisində işıqlar yansa da, çəkiliş aparıldığını hiss edən əməkdaşlar işıqları söndürüblər, qapını isə bağlayıblar.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsində araşdırma aparılır. Polis bölməsindən APA TV-yə məlumata görə, yaralının və kafenin işçilərinin ifadəsi alınıb. Lakin taksi sürücüsünü bıçaqlayan şəxsi müəyyənləşdirmək hələlik mümkün olmayıb. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

İlkin ehtimala görə, "Lion" kafesi əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərirmiş. Bıçaqlanan taksi sürücüsü ilə onu bıçaqlayan naməlum müştəri arasında mübahisənin səbəbi də qadın söhbəti olub. Polis həm bu ehtimalı, həm də kafenin fəaliyyət dairəsini araşdırır.

 

Müəllif | Apa.Tv