İrana məxsus yük maşını Biləsuvarda yanıb

Biləsuvarda yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Biləsuvar-İran avtomobil yolunun rayonun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İran İslam Respublikasının vətəndaşı Murtuza Məlikzadənin idarə etdiyi ağırtonnajlı qoşqulu yük maşını Biləsuvar istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinin mühərrik hissəsi qəfildən alovlanmağa başlayıb. Hava küləkli olduğundan alovun əhatə dairəsi qısa müddətdə genişlənib.

 

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların vaxtında müdaxiləsi nəticəsində yanğının kartofla yüklənmiş maşının qoşqu hissəsinə keçməsinin qarşısı alınıb. Lakin bununla belə yük maşınının kabinəsi, mühərriki və qabaq təkərləri yanaraq yararsız hala düşüb.

 

İlkin versiya kimi yanğının yük maşınının mühərrik hissəsində elektrik naqillərində yaranmış qısaqapanmadan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv