Astarada “VAZ-2106” ağırtonnajlı yük maşını ilə toqquşub
Astarada ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə Ələt-Astara magistralının 233-cü kilometrliyində, rayonun Ərçivan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Kürdəmir rayon sakini, 27 yaşlı Taleh İsmayıl oğlu Zalovun idarə etdiyi “MAN” markalı, ağırtonnajlı yük maşını Astara rayon sakini, 30 yaşlı İsrafil Qasımovun idarə etdiyi “VAZ-2106” markalı, minik avtomobili ilə toqquşub. Yol sürüşkən olduğundan yük maşını zərbənin təsirindən idarəetməni itirərək aşıb. Sürücü Taleh Zalov yüngül xəsarət alıb. “VAZ-2106”-nın sürücüsü isə xətasız ötüşsə də, avtomobilə ciddi ziyan dəyib. Qəzadan sonra magistral yolda təxminən yarım saatadək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb. Hadisə yerinə gələn yol polislərinin müdaxiləsi sayəsində yolda hərəkət bərpa olunub. Avtokranın köməyi ilə İrandan Rusiyaya yük aparan maşın yerdən qaldırılıb.
Faktla bağlı Astara RPŞ-də araşdırmalara başlanıb.