Qroznıda yüz minlərlə insan “Charli Hebdo”ya etiraz olaraq mitinq keçirir
Çeçenistan paytaxtı Qroznıda yüz minlərlə insanın iştirakı ilə mitinq keçirilir. APA TV-nin məlumatına görə, mitinq islam peyğəmbərinin karikaturalarının yayımlanmasına etiraz olaraq təşkil edilib. Etirazlar "Minutka" meydanında start götürüb, daha sonra yüz minlərlə insan "Çeçenistanın ürəyi" məscidinə gedərək toplu şəkildə namaz qılıblar. Məscidin ətrafında "Biz Məhəmməd peyğəmbəri sevirik" sözləri yazılan plakatlar asılıb. Aksiya Çeçenistan dindarlarının təşəbbüsü ilə keçirilir. Mitinqə qatılanların sayının 1 milyonu keçib, aksiyaya qoşulanlar arasında bölgələrdən gələnlər də kifayət qədərdir. Mitinqə Şimali Qafqazın başqa regionlarından da qatılanlar var. Çeçenistan müftiliyi aksiyanın onların təşəbbüsü ilə keçirildiyini açıqlayıb. Əvvəldən bu mitinqə 500 min insanın qatılacağı gözlənilirdisə, sonradan Ramzan Kadırov iştirakçıların sayının 1 milyonu keçəcəyini deyib. Bu, son iki gündə bölgədə keçirilən ikinci etiraz aksiyasıdır. Yanvarın 17-də İnquşetiyada "İslam terrorçuluğa və ekstremizmə qarşı" şüarı ilə baş tutan aksiyaya 20 min insan qatılmışdı. Müsəlman ölkələrində etiraz mitinqləri fransız jurnalı “Charlie Hebdo”da islam peyğəmbərinin karikaturaları ikinci dəfə yayımlandıqdan sonra daha da intensivləşib. Xatırladaq ki, Məhəmməd peyğəmbərin karikaturasının ilk dəfə yayımlanması yanvarın 7-də jurnalın redaksiyasına silahlı hücuma səbəb olmuşdu. Hadisə zamanı Səid və Şərif Kuaşi qardaşları 12 nəfəri öldürmüşdülər.