Milli Məclisin sədri İstanbula gedir
"Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏTPİ) Konfransının 10-cu sessiyasında iştirak etmək üçün yanvarın 20-də İstanbula yola düşəcək".
Bunu APA TV-yə Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib: "Sessiyada İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı arasında Anlaşma və Əməkdaşlıq memorandumu ratifikasiya olunacaq, qurumun ixtisaslaşmış komitələrinin təqdim etdikləri sənədlərin müzakirəsi keçiriləcək, bir sıra təşkilati məsələlərə baxılacaq. Tədbirdə Oqtay Əsədovun da çıxışı gözlənilir. Sessiyada Azərbaycan deputatları təşkilatın siyasi məsələlər və xarici əlaqələr, iqtisadi məsələlər və ətraf mühit, insan hüquqları, qadın və ailə məsələləri, mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə komitələrinin toplantılarına qatılacaqlar".
İclaslarda “XXİ əsrin problemlərinə cavab: qlobal sülh, ədalət, sabitlik və təhlükəsizlik” mövzusunda müzakirələr aparılacaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, terrorizmə qarşı mübarizə, İslam dövlətləri arasında viza məsələlərinin sadələşdirilməsi, ticarət dövriyyəsinin artırılması, İslam mədəni irsinin qorunması və digər məsələlər müzakirə olunacaq.