Əli Əhmədov: "Azərbaycanlı girovların azad olunması üçün tədbirlər görülür"

"Azərbaycan höküməti Ermənistan tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün əlindən gələni edir".

APA TV-nin məlumatına görə, bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, Ermənistan qondarma məhkəmə qurmaqla dünya ictimaiyyəti qarşısında qeyri-konstruktiv mövqelərini bir daha təsdiq edib: "Təbii ki, çox ciddi işlər görülür. Güman edirəm ki, mətbuat vasitəsi ilə Azərbaycan vətəndaşları da görülən işlər haqqında məlumatlandırılırlar. Bu iki girovun götürülməsi bir daha onu göstərdi ki, Ermənistan rejimi nə qədər Azərbaycan xalqına nə qədər aqressiv mövqe tutur və bütün dünya ictimaiyyəti qarşısında onlar özlərini biabr edirlər. Nə qədər ki, onlar girovlara qarşı öz mövqelərini bu cür saxlayacaqlar,  bir  qədər də dünya ictimaiyyəti qarşısında özlərinin mahiyyətini açacaqlar".

 

Baş nazirin müavini qeyd edib ki, girovların azad edilməsi üçün tədbirlər davam etdiriləcək. 

Müəllif | Apa.Tv