Ukraynada öldürülən azərbaycanlı merə abidə qoyulub
Ukraynanın Kremençuk şəhərində keçən ilin sentyabr ayında öldürülən azərbaycanlı merə abidə ucaldılıb. Vesti.az-ın məlumatına görə, mərhum Oleq Babayevin bürünc heykəli şəhərin mərkəzində qoyulub. Kompozisiyada keçmiş şəhər meri sınıq skamyada oturub, bu da onun həyatının yarıda kəsildiyini simvolizə edir. Abidənin müəllifi də azərbaycanlıdır. Heykəltəraş Eldəniz Qurbanov bildirib ki, kompozisiyanın yaradılması üçün şəhər büdcəsindən bir qəpik də pul xərclənməyib, bütün xərcləri Oleq Babayevin dostları qarşılayıblar.
Abidənin qoyulması ilə bağlı müəyyən söz-söhbət də yaranıb. Bir qrup şəxs mərhum merə əvvəlki şəhər rəhbərləri kimi uzun illərdən sonra deyil, ölümündən heç bir il keçməmiş xatirə qoyulmasına qarşı çıxış ediblər. Buna baxmayaraq postamentin açılış mərasiminə xeyli insan qatılıb. Onların arasında Oleq Babayevin valideynləri, qızları, dostları, keçmiş iş yoldaşları və Kremençuq sakinləri olub. Xatırladaq ki, keçmiş mer, əslən azərbaycanlı olan Oleq Babayev 4 killer tərəfindən güllələnib. Hadisəni törədənlər həbs edilib. Cinayətkarlar iddia edirlər ki, onları ölüm işini boyunlarına götürməyə məcbur ediblər. Yekun qərarı isə məhkəmə verəcək.