Səlim Müslümov: "Bu il üçün nəzərdə tutulan bütün sosial proqramlar icra olunacaq"

 

"Azərbaycanda bu il üçün nəzərdə tutulan bütün sosial proqramlar tam şəkildə icra olunacaq".

APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Nazirin sözlərinə görə, 20 yanvar  əlilləri və şəhid ailələri üçün nəzərdə tutulan güzəştlərin hamısı icra olunub. İndiyə kimi 53 nəfər  20 yanvar əlilinə ev, 72 nəfərə avtomobil verilib. Həmçinin, 112 nəfər  20 yanvar şəhidinin ailəsinə və 316 nəfər 20 yanvar əlilinə birdəfəlik yardım edilib. Hazırda 112 şəhid ailəsinə 300 manat məbləğində prezident təqaüdü ödənilir. 316 nəfər birinci qrup əlilinə hər ay 150 manat, ikinci qrupa 130 manat, üçüncü qrup əlillərə isə 100 məbləğində prezident təqaüdü verilir:

 

 "Keçən ilin dekabrında 143 min ailə ünvanlı sosial yardım aldığı halda, bu ilin dekabrın 1-nə onların sayı 92 minə enib.  “İl ərzində yoxlanma həyata keçirildi və ancaq bu yardımı almağa hüququ olanlar alırlar. Vaxtı ilə ünvanlı sosial yardıma hüququ olmayanlar da bundan yararlanırdı, hazırda isə bu halların qarşısı alınıb.

 

Nazir bildirib ki, bir ailənin aldığı ünvanlı sosial müavinət 30 manat artıb. Yaxın 3-4 ayda bu vəsaitin alınması prosesi avtomatlaşdırılacaq.

 

Müəllif | Apa.Tv