Rusiya və İran arasında yeni hərbi razılaşma imzalandı
Rusiya Federasiyası və İran İslam Respublikası hərbi əməkdaşlıq haqqında saziş imzalayıb. APA TV-nin Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, dövlətlərarası razılaşmaya Tehranda gəlinib. Sazişi Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və İranın müdafiə naziri, ölkənin Silahlı Qüvvələrinin komandanı Hüsseyn Dehqan imzalayıblar. "Hərbi sahədə qarşılıqlı fəaliyyətin yeni əsasları yaradılıb. Biz hərbi gəmilərin qarşılıqlı olaraq İran və Rusiya limanlarına daha sərbəst şəkildə daxil olmaları məsələsini də gözdən keçirdik". Bu ilki danışıqlar barədə məlumat verən Rusiyalı nazir hərbi kadr hazırlığı haqqında da əməkdaşlıq ediləcəyini bildirib. Sergey Şoyqu terrorçuluğa qarşı da birgə mübarizə aparılacağını bəyan edib. Rusiyanın müdafiə nazirinin Tehrana səfəri çərçivəsində iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri də müzakirə mövzusu olub. İran həmişəki kimi Rusiya istehsalı olan S-300 və daha müasir raket sistemləri almaqda maraqlıdır. İran Silahlı Qüvvələri çox sayda qərb və sovet hərbi-texnikasına malikdir. Lakin bu silah-sursatın əksəriyyətinin ötən əsrin 60-90-cı illər arasında istehsal edildiyi bildirilir. Bu səbəbdən də İran hərbi-texnikasını modernləşdirməyə ehtiyac duyur.