Bakı-Quba yolunda maşın aşıb, 4 nəfər yaralanıb

 

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi magistralında yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə yolun 93-cü km-də qeydə alınıb. Quba rayonunun Ağbil kənd sakini, 30 yaşlı Məmmədov Azad Gülağa oğlunun idarə etdiyi “Daewoo” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü də daxil olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alan sərnişinlər Xaçmaz rayonunun Həsənqala kənd sakini, 60 yaşlı Rəsulova Məhəbbət Əmrulla qızı, Bakı şəhər sakini, 43 yaşlı Musayeva Mehbarə Şükür qızı və Qubanın Söhübqışlaq kənd sakini,58 yaşlı Ərzumanov Fərhad İbrahim oğludur. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıblar.

Qəza ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vəli Turan