Türkiyə parlamenti qalmaqallı keçmiş nazirlər barədə qərarını verdi

 

Türkiyənin adları rüşvət və korrupsiya qalmaqalında hallanan dörd keçmiş naziri ilə bağlı məsələ ölkə parlamentində müzakirə edilib. Keçmiş Avropa Birliyi naziri Egemen Bağış, keçmiş daxili işlər naziri Müəmmər Gülər, sabiq ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraqdar parlamentin iclasında şəxsən iştirak ediblər. Sabiq iqtisadiyyat naziri Zəfər Çağlayan isə anasının dəfninə getdiyindən toplantıya qatılmayıb.

 

Əvvəlcə Türkiyə Böyük Millət Məclisinin araşdırma komissiyasının hesabatı açıqlanıb. Daha sonra dörd keçmiş nazirin işinin Uca Divana - Konstitusiya Məhkəməsinə göndərilməsi məsələsinə baxılıb. Sabiq hökumət üzvləri müdafiə çıxışı etmək istəmədiklərini və bundan əvvəl verdikləri ifadələrə əlavələrinin olmadığını bildiriblər.

 

Daha sonra kritik səsvermə başlayıb. APA TV-nin xəbərinə görə, keçmiş nazirlərlərin işinin Konstitusiya Məhkəməsinə göndərilməsi ilə bağlı məsələ ayrı-ayrılıqda gizli səsverməyə çıxarılıb. Səsvermənin nəticələrinə görə, parlament sabiq nazirlərin işinin Uca Divana göndərilməsi ilə bağlı təklifləri rədd edib.

 

Maraqlıdır ki, sabiq nazirlərin əleyhinə səs verənlər arasında öz partiyadaşları da olub. Egemen Bağışın əleyhinə Ədalət və İnkişaf Partiyasının deputat qrupundan 48, Müəmmər Gülərin əleyhinə 43, Zəfər Çağlayanın əleyhinə 38 nəfər səs verib. Ərdoğan Bayraqdar isə hakim partiya deputatlarının daha çox müdafiə etdiyi şəxs olub. Onun əleyhinə 14 partiyadaşı səs verib.

 

Qeyd edək ki, baş nazir Əhməd Davudoğlu xarici səfərdə olduğundan səsvermədə iştirak etməyib və onun yerinə müavini Yalçın Akdoğan səs verib. 7 nazirin də əvəzinə səsvermədə vəkalətnamə ilə başqa nazirlər iştirak edib. 

Müəllif | Apa.Tv
Apa.tv